Öz bədənimiz və yuxularımız

Buraya qədər mövzunu daha asan qavramaq üçün həmişə digər cisimlərdən bəhs etdik. Bir televizorun əslini görə bilmərik, bir radionun əslini eşidə bilmərik. Bütün şəkillər, səslər, qoxular və dadlar beynimizdəki əlaqədar mərkəzlərin içində yaranan qavrayışlardır. Xaricimizdəki bir dünyanın içində deyil, içimizdəki bir dünyada yaşayırıq.
İnsanların bu açıq həqiqəti qavramaqda çətinlik çəkmələrinə səbəb olan bir amil, öz bədənləri mövzusunda səhv düşüncələridir. Aşağıya baxdıqlarında gördükləri bədən və bu bədənin hər tərəfindən özlərinə çatan toxunma hissləri, onların dünyanı səhv qavramalarına səbəb olur. Bu bədənin verdiyi təəssürat səbəbiylə, sanki bir "xarici aləm"in içində yaşadıqları hissinə qapılarlar.
Halbuki bəhs etdiyimiz bədənin də, digər cisimlər kimi beynimizdəki qavrayışı ilə təmasda oluruq. Bədənimizə dair bütün məlumatlarımız, yəni bədənimizin görünüşü və beynimizə çatan toxunma hissləri, beynimizin əlaqədar qavrama mərkəzlərindədir.
Yuxularımızı düşünsək bu mövzunu daha asan qavraya bilərik. Yuxunuzda özünüzü tamamilə xəyali dünyalar içində görürsünüz. Ətrafınızda gördüyünüz cisimlərin və insanların heç bir həqiqiliyi yoxdur. Üzərində gəzdiyiniz torpaq, yuxarıdakı səma, gördüyünüz evlər, ağaclar, avtomobillər və digər hər şey tamamilə xəyaldır; maddi bir qarşılığı yoxdur. Və hamısının yeri, sizin beyninizin içidir. Beyninizdə, daha doğrusu zehninizdə vardırlar və bundan başqa bir yerdə də deyildirlər.
Diqqət etsəniz, eyni vəziyyət yuxunuzda gördüyünüz öz bədəniniz üçün də keçərlidir. Yuxunuzda da, indi olduğu kimi, aşağıya doğru baxdığınızda əli-qolu olan, gəzən, nəfəs alan, toxunma hissləri olan bir bədən görərsiniz. Bu bədən yuxu xaricindəki həqiqi həyatda gördüyünüz bədəndən bir xeyli fərqli də ola bilər. Bəlkə özünüzü üç qollu, dörd ayaqlı qəribə bir canavar kimi də görə bilərsiniz. Bu üç ayrı qolun üçündə də toxunma duyğusu hiss edə bilərsiniz. Bir başqa yuxuda isə, özünüzü qanadları olub uça bilən bir canlı olaraq görə bilər, bu qanadları çox inandırıcı bir şəkildə hiss edə bilərsiniz. Bir yuxuda görülə biləcək olan bu virtual bədənlərin hamısı, yalnız sizin zehninizdə mövcud olan, amma sanki zehninizin xaricindəymiş kimi hiss etdiyiniz qavrayışlardan ibarətdir.
Yuxu nümunəsi bizə bunu göstərir: Bədənimizi çox həqiqi bir şəkildə hiss etməyimiz, həqiqətən fiziki mənada belə bir bədənə sahib olduğumuzu göstərməz. Ortada heç bir fiziki bədən yoxkən də, tamamilə zehnimizin içindəki bir bədən qavrayışını "vücudumuz" olaraq görüb hiss edə bilərik.
Yaxşı, yuxular ilə "həqiqi həyat" arasındakı fərq nədir? Yuxuların həqiqi həyat dediyimiz qavrayışlara görə daha davamsız, məntiqi cəhətdən əsassız və qeyri-müntəzəm olduğu doğrudur. Amma bunun xaricində, texniki olaraq, yuxu ilə "həqiqi həyat" arasında fərq yoxdur. Çünki hər ikisi də, beyinin içindəki qəbul mərkəzlərinin xəbərdar edilməsi yolu ilə baş verir.
Əvvəlki səhifələrdə "gerçək həyat" dediyimiz qavrayışların görmə mərkəzi, eşitmə mərkəzi kimi beyin hissələrində yaşandığını araşdırmışdıq. Bir ensiklopdiyada, yuxunun da eyni şəkildə yaşandığı belə izah edilir:
Yuxu görmək, digər bütün zehni əməliyyatlar kimi, beyinin və fəaliyyətlərinin məhsuludur. Bir insan istər oyaq, istərsə yuxuda olsun, beyin daimi olaraq elektrik dalğalar verir. Elm adamları bu dalğaları "elektroensephalograf" adı verilən bir cihazla ölçürlər. Yuxunun böyük hissəsində, beyin dalğaları geniş və yavaşdır. Amma bəzi müəyyən zamanlarda, daha kiçik və sürətli hala gəlirlər, gözlər sanki, yuxu görən adam ardıcıl hadisəni seyr edirmiş kimi olduqca sürətli hərəkət etməyə başlayır. Yuxunun REM (Rapid Eye Movement-Sürətli Göz Hərəkəti) deyilən bu qismi, yuxuların çoxunun meydana gəldiyi hissədir. Əgər adam REM əsnasında oyandırılırsa, gördüyü yuxunun təfərrüatlarını böyük ehtimalla xatırlayacaq ... REM yuxusu əsnasında, beyindən əzələlərə siqnal göndərən sinir yolları bağlanacaq. Bu səbəbdən, yuxu əsnasında bədən hərəkət etməz.  Həmçinin serebral korteks (beyinin yüksək zehni funksiyalarla əlaqədar qismi) REM əsnasında, röya görülməyən yuxu hissələrinə görə daha çox aktivdir. Korteks, beyinin "beyin sistemi" adı verilən hissəsindən gələn neyronların (sinir hüceyrələrinin) daşıdığı impulslar (xəbərdarlıqlar) tərəfindən hərəkətə keçirilir. (World Book Multimedia Encyclopedia, "Dream", World Book Inc., 1998)
Yəni yuxu beynimizin əlaqədar mərkəzlərinə gələn impulsların (xəbərdarlıqların) şərhindən ibarət qavrayışlar toplusudur.
Diqqət etsəniz, "həqiqi həyat" dediyimiz həyat da tamamilə eyni şəkildə meydana gələr: Beynimizin əlaqədar mərkəzlərinə gələn xəbərdarlıqlar, bu mərkəzlərdə şərh olunar və biz bu qavrayışlar toplusunu "xarici dünya" olaraq qəbul edərik.
Buradakı kritik sual, bu qavrayışların qaynağının nə olduğu sualıdır. Vərdişlərimiz, bizi həmişə əsli ilə təmasda olduğumuza inandırmışdır. Halbuki, xaricdə maddə vardır, ancaq biz o maddənin əslini heç bir zaman bilə bilmərik.
Mövzunu daha yaxşı başa düşmək üçün yuxu üzərində düşünməyə davam edək. Yuxu görən bir insandan bunu soruşaq: "Gördüyün qavrayışların qaynağı nədir?" Bu suala böyük ehtimalla "xarici aləmdəki cisimlər və bunları qəbul edən bədənim" deyəcək. Amma ortada nə xarici aləm, nə də bu dünyanı qavrayan bir bədən vardır. Gördüyü hər şey, beynindəki əlaqədar mərkəzlər tərəfindən qəbul edilən siqnallardan ibarətdir.
Bizim də gördüyümüz, eşitdiyimiz, toxunduğumuz, dadını və qoxusunu aldığımız hər şey, beynimizdəki əlaqədar mərkəzlər tərəfindən qəbul edilən siqnallardan ibarət olduğuna görə, o zaman xarici aləmin əsli ilə təmasda olduğumuzdan necə əmin ola bilərik?
Əmin olacağını iddia edən kəs, eyni zamanda özünün "qüllənin təpəsindəki kiçik adam" olduğunu da iddia etmiş olur.
Səbəbini bir sonrakı hissədə araşdıraq.