Xarici aləm ilə sizin aranızdakı üç mərhələli divar

Diqqət edilsə, elmin ortaya qoyduğu bu nəticələr bizə çox əhəmiyyətli bir həqiqəti göstərir: Biz xarici aləmdə maddənin əsli ilə heç vaxt təmasda ola bilmərik.
Məsələn, qarşısına keçib seyr etdiyimiz televizorun özünü heç bir zaman görə bilmərik. Bizə yalnız bu televizordan çıxıb gələn və ya ona dəyib əks olunan fotonlar çatar. Bunlar işıq deyil, hissəciklərdir. Bir divara dəyən tennis topunun geri sıçraması və bizim də yalnız bu topu görməyimiz kimi bir vəziyyətdir bu. Yəni daha bu mərhələdə televizorun əslindən bir mərhələ qopmuş olarıq. Fotonlar gözümüzə gəlib retina hüceyrələrinə toqquşduqda isə, buradakı fermentlər tərəfindən elektrik enerjisinə çevrilirlər. Yəni televizorun əslindən ikinci bir mərhələ daha qoparıq. Bu elektrik enerjisi sinirlər tərəfindən beynimizdəki görünüş mərkəzinə çatdırıldığında, bir daha dəyişikliyə uğrayar və "görüntü" dediyimiz formaya bürünər. Bu, üçüncü mərhələdir. Tək bir mərhələ belə "həqiqi televizor" ilə bizim aramızdakı əlaqəni qoparmağa kifayət ikən, bu iş tam üç fərqli mərhələdə üç dəfə reallaşar.
Bir nümunə vermək lazım olsa, bu, bir-birinə qapılarla bağlanmış 3 ayrı otağın içindəki 3 adamla qulaqdan qulağa oynamaq kimidir. Sizin qulağınıza fısıldanan cümləni həqiqətən ilk adammı söyləmişdir; ikinci və ya üçüncü adam bunu dəyişdirərəkmi ötürmüşlər; üçüncü adam bunu tamamilə özümü ortaya atmışdır; bunların heç birindən əmin ola bilməzsiniz. İlk və ikinci kəslərin əslən nəyi söylədiklərindən belə əmin ola bilməzsiniz.
Mövzunu daha da yaxşı açıqlayacaq bir başqa nümunəni belə verə bilərik: Sizi bir təcrübə üçün 1 illiyinə xarici dünyaya tamamilə qapalı yeraltı otağa bağladıqlarını fərz edin. Xarici dünya ilə yeganə əlaqəmiz də qarşınızdakı qapalı dövrə televizor ekranı olsun. Otağa girərək ekranı ilk açdığınızda belə bir yazıyla qarşılaşırsınız: "Bu ekranda izləyəcəyiniz görüntülər, Afrika qitəsində canlı olaraq yayımlanan kameralardan çatdırılır. Bu kameraların təsbit etdiyi görünüşlər canlı olaraq peyklərə ötürülür, peyklərdən bu otağın yuxarısındakı ötürücülərə ötürülür, buradan da sizin ekranınıza daşınır".
Bu mesajın doğru olub-olmadığından heç bir zaman əmin ola bilməzsiniz, çünki görüntünün ötürüldüyü hər mərhələdə, görünüşün süni bir qaynaqdan gəlməsi mümkündür. Afrika qitəsində çəkiliş aparıldığı iddia edilən kameralar, əslində illər əvvəl çəkilmiş bir video kaseti göstərir və peyk üzərindən bu kaset sizə ötürülmüş ola bilər. Bundan əlavə, ortada heç bir kamera və peyk olmayıb, sizə yalnız yan otaqdakı bir video cihazından kaset izlətdirilə bilər. Afrika qitəsinə şəxsən getmədikcə bunu bilməzsiniz. Amma otaqdan çıxa bilmədiyinizə görə, Afrikaya gedib hadisələrin "əslini" görməniz də əsla mümkün olmaz.
Buna baxmayaraq yenə də bu otağa girməmişdən əvvəl xarici dünya haqqında əldə etdiyiniz məlumatlar və bu otaqdan bir zaman sonra təkrar çıxacaq olduğunuzu bilməniz, sizə ekranda gördüklərinizin "əsl" olduğuna dair bir qənaət təmin edə bilər. Ancaq əgər bu otaq, sizin doğulduğunuz gündən bu yana həyatınızı keçirdiyiniz yerdirsə? Həyatınız boyunca bu otaqdan heç çıxmadınızsa? Həyatınız boyunca "xarici dünya" olaraq yalnız qarşınızdakı ekranı görürsünüzsə? O zaman, bu ekranda gördüyünüz şeylərin "əsilləri ilə təmasda olduğunuza" dair heç bir dəlil qalmaz. Çünki təmasda olduğunuz tək şey, ekrandakı görüntülərdir.

Görmə duyğusu üçün izah etdiyimiz bu kimi faktlar, eşitmə, toxunma, dad və qoxu hissləri üçün də keçərlidir. Bunların hər birini beynimizdəki bağlı otaqların (eşitmə, toxunma, dad və qoxu mərkəzlərinin) içində qavrayırıq. Bunların xarici dünyadakı həqiqi qarşılıqlarına əsla çata bilmərik. Dinlədiyimiz radionun səsi, beynimizdəki eşitmə mərkəzinin içindədir. Xaricdə hər hansı bir səs yoxdur, yalnız "səs dalğası" dediyimiz fiziki hərəkətlər var. Bu fiziki hərəkətlər müxtəlif mərhələlərdən keçdikdən sonra bizə elektrik siqnalı olaraq gəlir. Bir elektrik siqnalı olaraq qəbul etdiyimiz səsin çöldə həqiqi bir qarşılığı olub-olmadığını əsla bilmərik. Yuxarıdakı bağlı otaq nümunəsinin üzərində təkrar düşünsək, bizə "Afrika meşələrindəki aslanların kükrəməsi" olaraq dinlədilən səslər, həqiqətdə bağlı otağımızın yan tərəfindəki bir studiyada yaradılan süni səslər ola bilər.